UEFA-nın klub turnirlərinin 2024-2025 mövsümünə Azərbaycanın dörd komandası buraxılıb: Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında “Zirə”, Konfrans Liqasında “Sabah” və “Sumqayıt” start götürəcək.
“Qarabağ” yarışa ikinci mərhələdə qoşulur. Ona “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi rəqib olacaq.
“Zirə” turnirə birinci mərhələdən başlayır. Rəqib Moldova “Şerif”idir.
İkinci raunda çıxsa, Azərbaycan təmsilçisi ya İsveçdən “Elfsborq”, ya da Kiprdən “Pafos”la üz-üzə gələcək.
İlk mərhələdə ələnsə, “Zirə” Konfrans Liqasına düşərək ikinci mərhələdə “Dunayska Streda” (Slovakiya) komandası ilə oynayacaq.
Turnirin ikinci mərhələsində yer alan “Sabah”a “Makkabi” (Hayfa, İsrail), “Sumqayıt”a “Fehervar” (Macarıstan) qismət olub.
Reqlamentə görə, hər üç turnirdə liqa raundu 36 komanda ilə oynanır.
Çempionlar Liqasının birinci təsnifat mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı raundlarında ələnənlər Avropa Liqasına köçür.
Avropa Liqasının təsnifat mərhələlərində ələnənlər Konfrans Liqasına adlayır.