Yanvar-may aylarında Azərbaycanda 6 milyard 640,9 milyon manat məbləğində, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz çox investisiya yatırılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektoruna sərmayələr 9,2 faiz, qeyri-neft/qaz sektoruna yönəldilən vəsait 12,1 faiz artıb.
Başqa bir məlumata görə, müəssisələr və fərdi sahibkarlar yanvar-may aylarında 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edib, 2023-cü ilin eyni dövrünə nəzərən neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, qeyri-neft/qaz sektorunda 7 faiz artıb.
Qeyd olunur ki, yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb, pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Xarici ticarətə gəlincə, açıqlamaya əsasən, yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 156 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə ixrac, 148 ölkədən idxal qeydə alınıb, 2023-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,5 faiz, real ifadədə 10,6 faiz, o cümlədən idxal 10,9 faiz, ixrac 10,4 faiz azalıb.