Dövlət Statistika Komitəsinin hesabatına görə, mayda Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,3 faiz artıb, qida məhsulları, içkilər və tütün məmulatları 1,4 faiz ucuzlaşıb, qeyri-qida məhsulları 1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,2 faiz bahalaşıb.
Başqa bir açıqlamaya əsasən, yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nəzərən 10,2 faiz artaraq 1007,5 manata çatıb.
Azərbaycanda pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Hazırda minimum pensiya 280 manatdır.
Ölkədə kişilər 65, qadınlar 63 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.