2024-2025 mövsümündə UEFA-nın klub turnirlərinə 236 komanda vəsiqə alıb: Çempionlar Liqasında 81, Avropa Liqasında 45, Konfrans Liqasında 110 komanda start götürəcək.
Reqlamentə görə, Çempionlar Liqasında liqa raundu 36 komanda ilə oynanır, hər komanda 8 matç (4-ü evdə, 4-ü səfərdə) keçirir, ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır.
29 komanda rəqiblərini liqa raundunda gözləyir: İngiltərədən “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Aston Villa”, İspaniyadan “Real”, “Barselona”, “Jirona”, “Atletiko”, Almaniyadan “Bayer”, “Ştutqart”, “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), İtaliyadan “İnter”, “Milan”, “Yuventus”, “Atalanta”, “Bolonya”, Fransadan PSJ, “Monako”, “Brest”, Niderlanddan PSV, “Feyenoord”, Portuqaliyadan “Sportinq”, “Benfika”, Belçikadan “Brügge”, Şotlandiyadan “Seltik”, Avstriyadan “Şturm”, Ukraynadan “Şaxtyor”.
5 bilet dörd mərhələdən ibarət çempionlar yolunda, 2 bilet üç mərhələdən ibarət liqalar yolunda əldə olunacaq, birinci mərhələdə ələnənlər Konfrans Liqasına, sonrakı raundlarda ələnənlər Avropa Liqasına köçəcək.
Rumıniyadan “Styaua”, Bolqarıstandan “Ludoqorets”, Slovakiyadan “Slovan”, Qazaxıstandan “Ordabası”, Sloveniyadan “Selye”, Moldovadan “Petrokub”, Kosovodan “Balkani”, Latviyadan RFS, İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan HİK, Litvadan “Panevejis”, Ermənistandan “Pünik”, Belarusdan “Dinamo” (Minsk), Bosniyadan “Borats”, Lüksemburqdan “Differdanj”, Farer adalarından “Klaksvik”, Şimali İrlandiyadan “Larn”, Maltadan “Hamrun”, Gürcüstandan “Dinamo” (Batumi), Estoniyadan “Flora”, İslandiyadan “Vikinqur”, Albaniyadan “Eqnatiya”, Uelsdən “Nyu Sents”, Cəbəllütariqdən “Linkoln”, Şimali Makedoniyadan “Struqa”, Andorradan “Santa Koloma”, Monteneqrodan “Deçiç”, San Marinodan “Virtus” çempionlar yolunun birinci mərhələsindən başlayır.
İkinci mərhələnin çempionlar yolunda Çexiyadan “Sparta”, Norveçdən “Bode-Qlimt”, Danimarkadan “Midtülland”, Yunanıstandan PAOK, İsraildən “Makkabi” (Tel-Əviv), Kiprdən APOEL, İsveçdən “Malmö”, Polşadan “Yaqelloniya”, Macarıstandan “Ferensvaroş”, Azərbaycandan “Qarabağ”, liqalar yolunda Serbiyadan “Partizan”, Türkiyədən “Fənərbaxça”, İsveçrədən “Luqano”, Ukraynadan “Dinamo” var.
Həmin raundda “Qarabağ”a ilk mərhələni dəf edən komandaların biri, ya da “Yaqelloniya” rəqib ola bilər.
Fransadan “Lill”, Niderlanddan “Tvente”, Belçikadan “Union”, Şotlandiyadan “Reyncers”, Avstriyadan “Zalsburq”, Çexiyadan “Slaviya” turnirə liqalar yolunun üçüncü mərhələsindən qoşulur.
Xorvatiyadan “Dinamo”, Serbiyadan “Srvena Zvezda”, Türkiyədən “Qalatasaray”, İsveçrədən “Yanq Boyz”, çempionlar yolunun dördüncü mərhələsinə buraxılır.
O biri turnirlərdə də liqa raundları 36 komandalıqdır. hər komanda Avropa Liqasının liqa raundunda 8 oyun (4-ü evdə, 4-ü səfərdə), Konfrans Liqasının liqa raundunda 6 oyun (3-ü evdə, 3-ü səfərdə) keçirəcək, ilk 8 pilləni tutanlar 1/8 finala vəsiqə alacaq, 9-24-cü yerlərdəki komandalar bundan ötrü daha iki oyuna (evdə və səfərdə) çıxacaq.
Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Zirə” komandası turnirə birinci mərhələdən başlayır. Potensial rəqiblər bunlardır: “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr), “Pakş” (Macarıstan).
Dörd təsnifat mərhələsinin hər birində və Çempionlar Liqasından köçmüş komandalar üçün ayrıca təsnifatda ələnənlər Konfrans Liqasına adlayır.
Konfrans Liqasında dörd təsnifat mərhələsi və Çempionlar Liqası ilə Avropa Liqasından ələnmiş komandalar üçün üç təsnifat raundu var. Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt” turnirə ikinci mərhələdən qoşulur. Potensial rəqiblər arasında “Kopenhagen”, “Brondbü” (Danimarka), “Gent” (Belçika), “Başakşəhər” (Türkiyə), “Kluj”, “Universitatya” (Ruminiya), “Legiya” (Polşa), “Makkabi” (Hayfa, İsrail), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Qou Ehed İqlz” (Niderland), “Omoniya”, AEK (Kipr), “Gimarayeş” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Olimpiya” (Sloveniya), “Dnepr-1” (Ukrayna), AEK (Yunanıstan), “Zrinski” (Bosniya), “Hayduk”, “Osiyek” (Xorvatiya), “Spartak”, “Dunayska Streda” (Slovakiya), “Austria” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Fehervar” (Macarıstan), “Bannik”, “Mlada Boleslav” (Çexiya), “Sent-Mirren” (Şotlandiya), “Sürix”, “Sankt-Qallen” (İsveçrə) göstərilir.