2024-cü ilin dövlət büdcəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manatdır. Milli Məclisə təqdim olunan dəyişikliklər layihəsində gəlirlər 36 milyard 353 milyon manata qaldırılır. Bunun 42 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 17,6 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 35,1 faizi Dövlət Neft Fondundan köçürmənin, 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 2,3 faizi sair gəlirlərin, 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşür.
Yenidən baxılma ilə dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır, xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 9 milyard 902,7 milyon manat; müdafiə və milli təhlükəsizlik – 7 milyard 126,3 milyon manat; təhsil – 4 milyard 549,9 milyon manat; ümumi dövlət xidmətləri – 4 milyard 542,8 milyon manat; sosial müdafiə və sosial təminat – 4 milyard 391,4 milyon manat; məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3 milyard 58,3 milyon manat; səhiyyə – 1 milyard 863,2 milyon manat; kənd təsərrüfatı – 1 milyard 202,5 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 575,6 milyon manat; ətraf mühitin mühafizəsi – 376,8 milyon manat; mənzil və kommunal təsərrüfatı – 367 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 750,2 milyon manat.
Büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gəlirlər və xərclər 6 milyard 949,9 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsində gəlirlər və xərclər 2 milyard 850,3 milyon manat olur.
İşsizlikdən sığorta fondunun büdcəsində gəlirlər və xərclər 238 milyon manat qalır.
Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. Yenilik layihəsində qiymət 75 dollardır.