İran İslam Respublikasında növbədənkənar prezident seçkisinin təqvimi açıqlanıb. Rəsmi məlumata görə, namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək, təşviqat kampaniyası iyunun 12-dən iyunun 27-dək aparılacaq. Ümumxalq səsverməsi iyunun 28-nə təyin olunub.
2021-ci il avqustun 5-dən prezident postunu tutan İbrahim Rəisi mayın 19-da vertolyot qəzasında həlak olub, prezident səlahiyyətləri birinci vitse-prezident Məhəmməd Müxbirə ötürülüb.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti 4 il müddətinə seçilir. Prezident vəzifəsinin yaradıldığı 1980-ci ildən bəri həmin kürsünü bu şəxslər də tutub: Əbülhəsən Bənisədr, Məhəmmədəli Rəcai, Əli Xamneyi, Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad, Həsən Ruhani.
İranın ali rəhbəri (dövlət başçısı) 1939-cu il təvəllüdlü Əli Xamneyidir.
Ərazisi 1,6 milyon kvadrat kilometr olan İran 31 əyalətə bölünüb. 6 əyalət tarixi Güney Azərbaycan torpaqlarını əhatə edir: Şərqi Azərbaycan əyaləti (mərkəzi – Təbriz şəhəri), Qərbi Azərbaycan əyaləti (mərkəzi – Urmiya şəhəri), Ərdəbil əyaləti (mərkəzi – Ərdəbil şəhəri), Zəncan əyaləti (mərkəzi – Zəncan şəhəri), Qəzvin əyaləti (mərkəzi – Qəzvin şəhəri), Həmədan əyaləti (mərkəzi – Həmədan şəhəri).