Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa bir rəsmi açıqlamaya əsasən, yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 149 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə ixrac, 144 ölkədən idxal qeydə alınıb. 2023-cü ilin ilk rübü ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 20 faiz, real ifadədə 13,9 faiz, o cümlədən idxalın 20,2 faiz, ixracın 10,8 faiz azaldığı bildirilir.
O da qeyd olunur ki, yanvar-aprel aylarında Azərbaycanda 5 milyard 230,4 milyon manat məbləğində kapital yatırılıb (2023-cü ilin ilk dörd ayı ilə müqayisədə 11,8 faiz çox). Neft-qaz sektoruna investisiyalarda artım 6,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitlərdə artım 15,2 faiz göstərilir.