Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 19-na təyin olunmuş mitinqinə yer ayırmaqdan imtina edib.
Mitinq üçün bu yerlərdən biri istənmişdi: metronun “28 May” stansiyasının qarşısındakı meydan, “Nərimanov” stansiyasının qarşısındakı meydan, “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadion. Aksiyada siyasi məhbuslara azadlıq, seçki islahatları, Azərbaycanın Avropa İttifaqına yaxınlaşması, quru sərhədlərin açılması, maaşların, pensiyaların artırılması kimi tələblər qoymaq nəzərdə tutulurdu.
Təşkilatçılara mayın 15-də göndərilmiş cavab məktubunda qeyd olunur ki, “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadionda təmir işləri gedir, digər iki meydan isə nəqliyyatın sıx hərəkət etdiyi ərazilərdir.
Aprelin 21-nə və mayın 5-nə təyin edilmiş aksiyalarla bağlı müraciətlərə də eyni cavab verilmişdi.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də təmsil olunur.