UEFA Çempionlar Liqasının 2024-2025 mövsümündə əsas raund 36 komandalıq vahid liqa sistemi ilə oynanacaq. Reqlamentə görə, 29 komanda liqa raunduna birbaşa vəsiqə götürür, 5 bilet dörd mərhələdən ibarət çempionlar yolunda, 2 bilet üç mərhələdən ibarət liqalar yolunda əldə olunur.
Mayın 13-dək liqa mərhələsinə birbaşa vəsiqəni bu komandalar təmin edib: İngiltərədən “Arsenal”, “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, “Jirona”, “Barselona”, Almaniyadan “Bayer”, “Bavariya”, “Ştutqart”, “Leypsiq”, “Borussiya” (Dortmund), İtaliyadan “İnter”, “Milan”, “Bolonya”, “Yuventus”, Fransadan PSJ, “Monako”, Niderlanddan PSV, “Feyenoord”, Portuqaliyadan “Sportinq”.
Serbiyadan “Srvena Zvezda”, Ukraynadan “Şaxtyor” çempionlar yolunun dördüncü mərhələsinə buraxılır.
Portuqaliyadan “Benfika” liqalar yolunun üçüncü mərhələsində yer alır.
İkinci mərhələnin çempionlar yolunda Norveçdən “Bode-Qlimt”, Xorvatiyadan “Dinamo”, Kiprdən APOEL, İsveçdən “Malmö” var.
Macarıstandan “Ferensvaroş”, Rumıniyadan “Styaua”, Bolqarıstandan “Ludoqorets”, Slovakiyadan “Slovan”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Ordabası”, Sloveniyadan “Selye”, Moldovadan “Petrokub”, Latviyadan RFS, İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan HİK, Litvadan “Panevejis”, Belarusdan “Dinamo” (Minsk), Farer adalarından “Klaksvik”, Şimali İrlandiyadan “Larn”, Maltadan “Hamrun”, Gürcüstandan “Dinamo” (Batumi), Estoniyadan “Flora”, İslandiyadan “Vikinqur”, Uelsdən “Nyu Sents”, Cəbəllütariqdən “Linkoln”, Şimali Makedoniyadan “Struqa”, Andorradan “Santa Koloma”, San Marinodan “Virtus” çempionlar yolunun birinci mərhələsində start götürür.
Şotlandiyadan “Seltik”, “Reyncers”, Avstriyadan “Şturm”, “Zalsburq”, Türkiyədən “Qalatasaray”, “Fənərbaxça”, Çexiyadan “Sparta”nın turnirdə oynayacağı dəqiqləşib.