Ermənistanda siyasi hərarət artır: Azərbaycanla sülhün əleyhdarı olan qüvvələr baş nazir Nikol Paşinyanı hakimiyyətdən salmağa cəhd göstərir.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərinə, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il aprelin 19-da Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilməyə boyun olub.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Ermənistan ərazisinin bir hissəsi – hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın nəzarətindədir.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər. Son rəsmi məlumata görə, Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında 40 sərhəd dirəyi quraşdırılıb. Prosesi pozmaq istəyən qüvvələr Tavuş rayonundan Ermənistan paytaxtı Yerevana yürüş ediblər. Mayın 9-dan paytaxtda keçirilən aksiyada baş nazir Nikol Paşinyanın istefası tələb olunub, ona etimadsızlıq göstərmək təklif edilib. Kütləvi itaətsizliyə çağırışlar var.
Novator.az bildirir ki, Ermənistan Konstitusiyasına görə, baş nazirə etimadsızlıq təşəbbüsünü parlament üzvlərinin azı üçdə biri, özü də baş nazir postuna namizəd göstərmək şərti ilə qaldıra bilər.
Ermənistan parlamenti 107 deputatdan ibarətdir, etimadsızlıq təşəbbüsü üçün 36 səs gərəkdir.
İmpiçment – etimadsızlıq qərarının layihəsi üzrə səsvermə adbaad keçirilir və baş nazirin hakimiyyətdən götürülməsi üçün parlament üzvlərinin sadə səs çoxluğu tələb olunur. Bu, 54 səs deməkdir.
1975-ci il təvəllüdlü Nikol Paşinyan jurnalistdir. 2009-2011-ci illərdə həbsdə yatıb.
2012-ci ildə Erməni Milli Konqresindən parlamentə mandat alıb.
2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ildə qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.
107 nəfərlik parlamentdə Vətəndaş Sazişi Partiyası 71 mandatla təmsil olunur.
Parlamentdə Vətəndaş Sazişi Partiyasının 71, sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana bağlı müxalif qüvvələrin – Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 6 mandatı var. 1 deputat partiyasızdır.