Mayın 7-də yenidən Rusiya prezidenti statusuna yiyələnən Vladimir Putin keçmiş SSRİ məkanı ölkələrinin liderləri arasında üçüncü veteran sayılır. Vladimir Putin 1999-cu il dekabrın 31-dən baş nazir kimi prezident səlahiyyətlərini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib.
2008-ci ildən yenə baş nazir olan Vladimir Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb (prezidentlik müddəti 2008-ci ildə artırılıb, ancaq həmin norma 2012-ci ildən qüvvəyə minib).
2020-ci ildə yenilənən ölkə konstitusiyası Vladimir Putinə daha iki prezident seçkisinə qatılmaq hüququ verib və o, 2024-cü ildə yenə 6 il müddətinə dövlət başçısı seçilib.
Novator.az bildirir ki, keçmiş SSRİ məkanında baş veteran Tacikistan prezidenti İmaməli Rəhmandır. O, 1992-ci ildə parlament sədri kimi dövlət başçısı olub, 1994 və 1999-cu illərdə 5 il müddətinə prezident seçilib.
1999-cu ildə prezidentlik müddəti 7 ilə qaldırılıb, İmaməli Rəhman 2006 və 2013-cü illərin seçkilərində qalib elan olunub.
2016-cı ildə İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək hüququ verilib və o, 2020-ci ilin seçkisində postunu qoruyub.
Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilib, 1996-cı ildə səlahiyyət müddətini iki il uzadıb, 2001-ci ildə yenə prezident kürsüsünə yiyələnib.
2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsi yasağı götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərindən də qalib çıxıb.
İlham Əliyev 2003 və 2008-ci illərdə 5 il müddətinə Azərbaycan prezidenti seçilib.
2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsi yasağı götürülüb və İlham Əliyev 2013-cü ildə yenə dövlət başçısı mandatı alıb.
2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb, dövlət başçısına növbədənkənar prezident seçkisi təyin etmək hüququ verilib, İlham Əliyev 2018 və 2024-cü illərdə növbədənkənar prezident seçkilərini udub.
1993-2003-cü illərdə İlham Əliyevin atası Heydər Əliyev dövlət başçısı olub.
Şövkət Mirziyayev 2016-cı il sentyabrın 8-dən baş nazir kimi Özbəkistan prezidenti səlahiyyətlərini icra edib, həmin il və 2021-ci ildə 5 il müddətinə prezident seçilib.
2023-cü ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb və Şövkət Mirziyayev növbədənkənar prezident seçkisində yeni mandat alıb.
Qasım-Comərd Tokayev 2019-cu il martın 20-dən parlamentin yuxarı palatası olan Senatın sədri kimi Qazaxıstan prezidenti səlahiyyətlərini icra edib, həmin il iyunun 9-da keçirilmiş prezident seçkisində qalib gəlib. 2022-ci ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub və Qasım-Comərd Tokayev yenidən prezident seçilib.
Vladimir Zelenski 2019-cu il aprelin 21-də 5 il müddətinə Ukrayna prezidenti seçilib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb. İndi ölkə müharibə vəziyyətində olduğundan onun səlahiyyət müddəti uzadılır.
Sadır Japarov 2020-ci il oktyabrın 10-da Qırğızıstanın baş naziri postuna gətirilib, oktyabrın 15-dən noyabrın 14-dək prezident səlahiyyətlərini icra edib, 2021-ci ildə 5 il müddətinə prezident seçilib, həmin il ölkə prezident idarə üsuluna keçib.
Sərdar Berdiməhəmmədov 2022-ci ildə 7 il müddətinə Türkmənistan prezidenti seçilib. 2007-2022-ci illərdə prezident postunu onun atası Qurbanqulu Berdiməhəmmədov tutub.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər Estoniya, Latviya, Litva, Moldova, Ermənistan və Gürcüstan da daxil olub. Bu ölkələrdə parlament idarə üsulu tətbiq edilir, prezident icra hakimiyyətinin başçısı sayılmır.