Müsavat Partiyasının mayın 4-5-də keçirilən 11-ci qurultayında təşkilati məsələlərə baxılıb, İsa Qəmbər başqan seçilib, 7 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, 105 nəfər Məclisə mandat alıb. Müsavatın yenilənmiş nizamnaməsinə görə, Məclisin bütün üzvləri qurultayda seçilir, yalnız başqan və sabiq başqan quruma avtomatik üzv olur.
1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci və yeddinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.
Müsavatın nizamnaməsindən seçmələr
Partiyanın qurultayının, Məclisinin və Divanının iclaslarının yalnız epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.
Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir.
Bütün partiya orqanlarına və seçkili vəzifələrə seçkilər və onlardan xaricetmə gizli səsvermə ilə aparılır.
Partiyanın bütün seçkili kollegial orqanlarında yerlərin ən azı 1/4-i qadınlar üçün ayrılır.
Partiya özəklərinin, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası və xüsusi statuslu təşkilatların seçkili orqanları iki il, mərkəzi orqanlar isə dörd il müddətinə seçilir.
Rayon (şəhər) təşkilatı nəzarət-təftiş komissiyalarının (NTK) üzvləri rayon (şəhər) şurasının üzvü, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvləri isə Məclis üzvü ola bilməz.
Partiyanın başqanı, MNTK sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası və xüsusi statuslu təşkilatların sədrləri və NTK sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
Partiya Məclisinin qərarı ilə partiyanın xüsusi statuslu təşkilatları (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı və s.) yaradılır.
Partiyanın özəkləri müvafiq ərazidə fəaliyyət göstərən və ən azı beş partiya üzvünü birləşdirən qurumdur.
Partiyanın rayon (şəhər) təşkilatı Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə uyğun olaraq müvafiq rayonun (şəhərin) ərazisindəki partiya özəklərini (partiya üzvlərini) birləşdirən orqandır.
Partiyanın ali idarəetmə orqanı partiyanın qurultayıdır. Növbəti qurultaylar 4 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultay partiya Məclisinin qərarı ilə çağırılır.
Qurultayın müstəsna səlahiyyətləri: partiyanın nizamnaməsində dəyişiklik edilməsi, həmçinin yeni nizamnamənin qəbul edilməsi; partiyanın Məclisinin və MNTK-nın say tərkibinin müəyyənləşdirilməsi, üzvlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi; partiyanın başqanının seçilməsi və səlahiyyətlərinə xitam verilməsi; qurultaylararası kollegial idarəetmə, nəzarət orqanlarının və başqanın hesabatlarının dinlənilməsi; partiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi; qurultayda iştirak edən nümayəndələrin 2/3-nin razılığı ilə partiyanın fəaliyyətinin müvəqqəti dayandırılması, yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi. Başqan, Məclis və MNTK üzvlərinin seçkilərinin nəticələri partiyanın qurultayında təsdiq olunur.
Qurultaylararası dövrdə partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. Məclis qurultay tərəfindən seçilmiş üzvlərdən ibarətdir. Partiyanın başqanı və sabiq başqanları Məclisin üzvləridir.
Mühüm məsələlərin müzakirəsi və həlli üçün Məclisin qərarı ilə partiyadaxili referendumlar keçirilə bilər. Bu referendumun nəticələri Məclisdə təsdiq olunduqdan sonra referendumun qərarı qurultayın qərarı səlahiyyətindədir.
Məclisin iclasları arasındakı dövrdə partiyanın fəaliyyətinə Divan rəhbərlik edir. Divan partiyanın başqanından, Məclisin sədrindən və Məclisin müəyyən etdiyi sayda digər Divan üzvlərindən ibarət olub, Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa bütün məsələləri həll edir. Divanın iş qaydasını onun özü müəyyən edir. Partiyanın başqanı Divanın işinə rəhbərlik edir.
Başqan partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Başqan hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə onun bütün səlahiyyətlərini Məclisin sədri həyata keçirir.