Azərbaycan parlamenti – Milli Məclis 125 deputatdan ibarət olmalıdır, ancaq hazırda 115 nəfər mandat daşıyır.
Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyası fevralın 13-də 4 dairə üzrə nəticələri ləğv edib, parlament 121 nəfərlə fəaliyyətə başlayıb.
Novator.az bildirir ki, səlahiyyəti dövründə Milli Məclisin 3 üzvü vəfat edib, 1 üzvü azadlıqdan məhrum olunaraq kürsüsünü itirib, 2 üzvü dövlət orqanında vəzifəyə keçdiyi üçün mandatı təhvil verib.
Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
36 deputat partiyasızdır.
Milli Məclisin səlahiyyət müddəti 5 ildir.
1995-ci ilin parlament seçkisi noyabrın ikinci bazar günü, 2000, 2005, 2010 və 2015-ci illərin parlament seçkiləri noyabrın birinci bazar günü keçirilib.
2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb. 2019-cu il dekabrın 5-də Milli Məclis buraxılıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edilib.
Növbəti parlament seçkisi 2025-ci il fevralın 9-na düşür. Ancaq konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər və növbəti parlament seçkisinin 2024-cü il noyabrın 3-də keçirilməsi mümkündür.
Qeyri-rəsmi məlumata görə isə iyunun sonunda parlamenti buraxmaq, sentyabrın 1-nə növbədənkənar seçki təyin etmək planı var.