İyunun 6-9-u Avropa Parlamentinə seçkilər keçiriləcək. Avropa İttifaqının təmsilçi orqanı olan 720 nəfərlik quruma Almaniyadan 96, Fransadan 81, İtaliyadan 76, İspaniyadan 61, Polşadan 53, Rumıniyadan 33, Niderlanddan 31, Belçikadan 22, Çexiya, İsveç, Macarıstan, Portuqaliya və Yunanıstandan 21, Avstriyadan 20, Bolqarıstandan 17, Danimarka, Finlandiya və Slovakiyadan 15, İrlandiyadan 14, Xorvatiyadan 12, Litvadan 11, Latviya və Sloveniyadan 9, Estoniyadan 7, Kipr, Lüksemburq və Maltadan 6 deputat seçilməlidir.
Avropa İttifaqını 1957-ci ildə Belçika, Fransa, İtaliya, Qərbi Almaniya, Lüksemburq və Niderland Avropa İqtisadi Birliyi kimi yaradıb.
1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya birliyə qoşulub.
1990-cı ildə Şərqi Almaniya və Qərbi Almaniya vahid Almaniya dövlətində birləşib.
1992-ci ildə Avropa İqtisadi Birliyinin əsasında Avropa İttifaqı təsis olunub.
1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib.
2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulub.
Bolqarıstan və Rumıniya 2007-ci ildən, Xorvatiya 2013-cü ildən Avropa İttifaqının üzvüdür.
Böyük Britaniya 2020-ci ildə Avropa İttifaqını tərk edib.
Novator.az bildirir ki, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Moldova, Ukrayna, Bosniya və Herseqovina, Gürcüstan Avropa İttifaqına namizəd statusundadır.