Aprelin 29-da tutulan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədliyə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. “Turan”ın məlumatına görə, Anar Məmmədli “Abzas Media” saytının işi üzrə məsuliyyətə cəlb olunub, aprelin 30-da Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
1978-ci il təvəllüdlü Anar Məmmədli 2013-cü il dekabrın 16-dan 2016-cı il martın 18-dək külli miqdarda mənimsəmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə həbsdə olub.
“Abzas Media” saytının direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist, “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də tutulublar.
“Abzas Media”nın əməkdaşı Elnarə Qasımova 2024-cü il yanvarın 13-də, Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də həbs ediliblər.
İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsi bütün bu şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində şübhəli bilir. Aprelin 26-da İmran Əliyevə təkrar qaçaqmalçılıq ittihamı da verilib.
Martın 6-da Bakı Şəhər Baş Polis İdarəsi Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxsləri tutub. Xətai Rayon Məhkəməsi martın 8-də Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs qətimkan tədbirləri seçib, Fərid İsmayılov və Elmir Abbasov polisin nəzarəti altına verib.
Martın 8-də Toplum.tv-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli də tutulublar, martın 9-da Xətai Rayon Məhkəməsi hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Onlar qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinirlər.
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2023-cü il noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib.
“Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də tutulub. O da qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinir.