Azərbaycanda yeddinci parlamentin 2024-cü ilin sentyabr ayında seçilməsi gözlənir. Bu, altıncı parlamentin buraxılacağı anlamına gəlir. Qeyri-rəsmi məlumata görə, iyunun sonunda parlamenti buraxmaq, sentyabrın əvvəlinə növbədənkənar seçki təyin etmək planı var.
Novator.az bildirir ki, dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin – Milli Məclisin səlahiyyət müddəti 5 ildir. Birinci parlament seçkisindən (12 noyabr 1995) sonra qüvvəyə minən konstitusiya seçkilərin noyabr ayının ilk bazar günü keçirilməsini müəyyən edib, 2000, 2005, 2010 və 2015-ci illərdə parlament həmin hökmə uyğun seçilib.
2016-cı ildə yenilənən konstitusiya prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verib. 2019-cu il noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə ən çox deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması, növbədənkənar seçkinin təyin olunması üçün prezidentə müraciət edib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi prezidentin sorğusuna baxaraq növbədənkənar parlament seçkisinə yaşıl işıq yandırıb. Dekabrın 5-də prezident Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır. Altıncı parlamentin ilk iclası 2020-ci il martın 10-da keçirilib. Bu hesabla növbəti parlament seçkisi 2025-ci il fevralın 9-na düşür və 2024-cü il dekabrın 9-dan gec olmayaraq kampaniya başlamalıdır. Ancaq dekabrın 22-də bələdiyyə seçkiləri olasıdır və eyni vaxtda iki seçki kampaniyası mümkünsüz görünür.
Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar gününə düşür. Altıncı parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və yeddinci parlamenti noyabrın birinci bazar günü – ayın 3-də seçmək olar. Noyabr ayında Azərbaycanda böyük beynəlxalq ekoloji tədbirin keçiriləcəyini nəzərə alanda bu ehtimal azalır.
Milli Məclisin buraxılması halında parlament seçkisi 60 gün ərzində keçirilməlidir.
Parlament seçkisi 125 dairəni əhatə edir, qələbə üçün nisbi səs çoxluğu tələb olunur.