Müsavat Məclisinin üzvü İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürüb. Rəsmi xəbər aprelin 29-da yayılıb.
Mayın 4-ü Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının 11-ci qurultayı keçiriləcək. Qurultay təşkilati məsələlərə baxacaq, o cümlədən partiyanın yeddinci başqanını seçəcək.
1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.
İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.
Arif Hacılı 2014-cü ildən başqanlıq edir.
Müsavatın nizamnaməsinə görə, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası təşkilatlarının, xüsusi statuslu təşkilatların (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı) sədrləri və nəzarət-təftiş komissiyalarının sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
Partiyanın başqanını, sərbəst Məclis üzvlərini və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qurultay seçir.