Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlərdə ittiham olunan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, Ruben Vardanyan, David Babayan, Levon Mnasakanyan və David Manukyanın mühakiməsi yaxınlaşır. Novator.az həmin şəxslərlə bağlı qısa arayış hazırlayıb.
Arkadi Qukasyan 1957-ci ildə doğulub. Qarabağlıdır. 1992-ci ildə işğalçı Qarabağ rejiminin “parlamentinə” seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə rejimin “prezidenti” olub, 2009-2018-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib.
2023-cü il oktyabrın 3-də tutulub.
Bako Saakyan 1960-cı ildə doğulub. Qarabağlıdır. 1990-cı ildən separatçıların qanunsuz hərbi birləşmələrində məsul vəzifələr tutub. 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi vəzifəsində çalışıb. 1999-cu ildən işğalçı rejimin “daxili işlər naziri”, 2001-ci ildən “Milli Təhlükəsizlik İdarəsinin rəisi”, 2007-2020-ci illərdə “prezidenti” olub.
2023-cü il oktyabrın 3-də tutulub.
Araik Arutunyan 1973-cü ildə doğulub. Qarabağlıdır. Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri”, 2020-2023-cü illərdə “prezidenti” olub.
2023-cü il oktyabrın 3-də tutulub.
David İşxanyan 1968-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni (Xocavənd) batalyonlarının birinə komandirlik eləyib. 1991, 2015 və 2020-ci illərdə Qarabağ rejiminin “parlamentinə” üzv seçilib, 2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb, sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini icra edib.
2023-cü il oktyabrın 3-də tutulub.
Ruben Vardanyan 1968-ci ildə doğulub. Ermənistanlıdır. Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir. 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb. 2023-cü il fevralın 23-də “dövlət naziri” postundan götürülüb.
2023-cü il sentyabrın 27-də tutulub.
David Babayan 1973-cü ildə doğulub. Qarabağlıdır. İşğalçı rejimdə müxtəlif məsul postlar, o cümlədən “prezident köməkçisi, müşaviri” vəzifələri tutub, 2021-2023-cü illərdə “xarici işlər naziri” olub.
2023-cü il sentyabrın 29-da tutulub.
Levon Mnasakanyan 1965-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır. İşğalçı rejimdə “müdafiə nazirinin müavini”, “Müdafiə Ordusunun Baş Qərargah rəisi” vəzifələri tutub, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini olub. 2015-2018-ci illərdə işğalçı rejimin “müdafiə naziri” postunda xidmət edib.
2023-cü il sentyabrın 29-da tutulub.
David Manukyan 1971-ci ildə doğulub. Ermənistanlıdır. İşğalçı rejimdə “müdafiə nazirinin birinci müavini” postunda xidmət edib.
2023-cü il sentyabrın 27-də tutulub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş və savaşdan sonrakı danışıqlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.