Aprelin 23-ü Bakıda, ADA Universitetində keçirilən beynəlxalq forumda danışan prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsi mövzusuna da toxunub. O deyib ki, delimitasiyanın Qazaxın işğal olunmuş kəndlərindən başlanması Azərbaycanın təklifidir: “Çünki bu kəndlər məskunlaşmış kəndlərdir. Orada azərbaycanlılar məskunlaşmışdılar və kəndlər işğal edilmişdi. Düşünürəm ki, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir.
Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq. Biz bir xətti tutaraq “kor pişik” kimi bu xətlə getməməliyik. Biz xətti əsas kimi götürürük, amma məntiqli olmalıyıq və hər iki tərəf üçün təhlükəsiz, hər iki tərəf üçün rahat olacaq sərhədlə bağlı razılığa gəlməliyik”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Yuxarı Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş və savaşdan sonrakı danışıqlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Yuxarı Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il aprelin 19-da Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilməyə boyun olub.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Ermənistan ərazisinin bir hissəsi – hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın nəzarətindədir.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər. Müzakirə mövzularından biri anklav kəndlərin taleyidir. Onların dəyişdirilməsi, yəni ərazi mübadiləsi istisna olunmur.
Novator.az bildirir ki, konstitusiyanın 3-cü maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi yalnız ümumxalq səsverməsi – referendum yolu ilə mümkündür.