Aprelin 23-də Xətai Rayon Məhkəməsi Toplum.tv informasiya resursunun təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxmalı idi. Vəsatət Ələsgər Məmmədlinin səhhətindəki problemlərə görə verilmişdi. “Turan” xəbər verir ki, istintaq orqanı Ələsgər Məmmədlinin müalicəsi ilə bağlı öhdəlik götürdüyü üçün vəsatət müvəqqəti geri çəkilib.
Martın 6-da Bakı Şəhər Baş Polis İdarəsi Toplum.tv informasiya resursu, III Respublika Platforması və Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxsləri tutub. Xətai Rayon Məhkəməsi martın 8-də Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, Toplum.tv-dən Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində həbs qətimkan tədbirləri seçib, Fərid İsmayılov və Elmir Abbasov polisin nəzarəti altına verib.
Martın 8-də Ələsgər Məmmədli və III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli də tutulublar, martın 9-da Xətai Rayon Məhkəməsi hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Bütün bu şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb.
Eyni ittihamla həbs edilmiş başqa şəxslər də var. “Abzas Media” saytının direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist, “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də tutulublar.
“Abzas Media”nın əməkdaşı Elnarə Qasımova 2024-cü il yanvarın 13-də, Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də həbs ediliblər.
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2023-cü il noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib.
“Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də tutulub. O da qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinir.
Qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsinə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.