Bakı Apellyasiya Məhkəməsi jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun şikayətlərini təmin etməyib: aprelin 23-də çıxarılan qərarla birinci instansiya məhkəməsinin hökmləri qüvvədə saxlanıb.
Əvəz Zeynallı “Xural” internet televiziyasının, Elnur Şükürov “Səda” internet televiziyasının rəhbəridir. Bakı Ağır Cinayətlər Məhkəməsi fevralın 26-da Əvəz Zeynallıya 9 il, Elnur Şükürova 4 il azadlıqdan məhrumetmə cəzaları kəsib.
Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Jurnalistin külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham olunduğu açıqlanıb. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.
Sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Sentyabrın 21-də Əvəz Zeynallıya vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb. İddiaya görə, Əvəz Zeynallı “Səda” internet televiziyasının rəhbəri Elnur Şükürovla (2022-ci il sentyabrın 14-də tutulub) birgə bəzi dövlət qurumlarından icazələr alınması, sənədlərin əldə edilməsi işlərinə qarışıb, bunun müqabilində pul alıb.
Elçin Sadıqovun işi başqa icraata ayrılıb.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən 2014-cü il dekabrın 30-dək külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınma ittihamı ilə həbsdə olub.
Ankara Dövlət Universitetini bitirən Əvəz Zeynallı “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərinin baş redaktoru olub, “Xural” internet televiziyasını 2015-ci ildə təsis edib.