Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Yuxarı Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş və savaşdan sonrakı danışıqlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Yuxarı Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmaya görə, Yuxarı Qarabağın bir hissəsinə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib. Bu kontingentin ərazidə qalma müddəti 5 il göstərilib. 2021-cü il yanvarın 30-da atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb, qurum Ağdamda qərar tutub.
2024-cü il aprelin 17-də Rusiya hərbçilərinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə rəsmi məlumat yayılıb, bunun ardınca Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağı bəyan olunub.
Aprelin 19-da Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilmək öhdəliyi götürüb.
Bağanıs Ayrımın 40 kvadrat kilometr, Qızılhacılının 11 kvadrat kilometr, Aşağı Əskiparanın 9,1 kvadrat kilometr, Xeyrimlinin 4,1 kvadrat kilometr ərazisi var.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Sofulunun ərazisi 22 kvadrat kilometr, Kərkinin ərazisi 19,2 kvadrat kilometr, Barxudarlının ərazisi 10,1 kvadrat kilometr, Yuxarı Əskiparanın ərazisi 8,6 kvadrat kilometrdir.
Ermənistan ərazisinin bir hissəsi – hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın nəzarətindədir. Başkəndin ərazisi 40 kvadrat kilometr göstərilir.
2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələr nəzarətə götürülüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər.