UEFA-nın klub turnirlərində 2023-2024 mövsümü finişə üz tutub: yarımfinal mərhələsində olan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 4 komanda yer alır. İtaliya və Almaniya turnirlərdə 3, Fransa 2, İngiltərə, İspaniya, Belçika və Yunanıstan 1 komanda ilə təmsil olunur.
Avropa Liqasının yarımfinalçıları arasında qrup mərhələsində və 1/8 finalda Azərbaycanın “Qarabağ” komandasına rəqib olmuş “Bayer” (Almaniya) də var. Əvvəlki mövsümlərin beşində “Qarabağ”la çarpışmış komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) komandası həmin mövsüm finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnib və finala çıxaraq turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası finala çıxa bilib; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) finala qədər gedərək zəfər kubokunu başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı finala çıxaraq turnirin qalibi olub.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 27-ci pillədə göstərilir. Reytinq son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup mərhələsindən finaladək bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,875 əmsal əldə edib.