Novator.az Gürcüstanda siyasi qalmaqal doğuran “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin detallarına nəzər salıb.
Ölkə parlamenti 2023-cü il martın 7-də layihəni ilk oxunuşda qəbul etmiş, ancaq martın 9-da sənəd etirazlar üzündən geri götürülmüşdü. Bu ilin aprelində layihə yenidən parlament müzakirəsinə çıxarılıb və növbəti etiraz dalğasına gətirib.
Hökumətin təşəbbüsü olan layihəyə görə, illik büdcəsinin 20 faizindən çoxu xarici vəsait hesabına formalaşan qeyri-hökumət təşkilatı və media quruluşu reyestrdə qeydiyyatdan keçməli və ildə bir yol maliyyə bəyannaməsi verməlidir. Bu qaydanın pozulması cərimə cəzası nəzərdə tutur. Müxalif qüvvələr və ictimai fəallar hesab edir ki, yenilik ayrı-seçkilik doğuraraq cəmiyyəti parçalayar, əsassız məhdudiyyətlərə yol açar.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.