2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 51,1 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi digər qeyri-ərzaq mallarının payına düşüb.
Başqa bir rəsmi məlumata əsasən, yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 138 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə ixrac, 134 ölkədən idxal qeydə alınıb, 2023-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə (nominal ifadədə) 23,5 faiz, real ifadədə 15 faiz, idxal 19,9 faiz, ixrac 12,7 faiz azalıb.