Türkiyə müxalifətinin liderlərindən Maral Akşener aprelin 8-də açıqlama yayaraq Yaxşı Partiyanın növbədənkənar qurultayında sədrliyə namizəd olmayacağını bəyan edib. Qurultay aprelin 27-nə təyin olunub.
Novator.az bildirir ki, 1956-cı il təvəllüdlü Maral Akşener 1995-2001-ci illərdə Doğru Yol Partiyasının, 2001-2016-cı illərdə Milliyyətçi Hərəkat Partiyasının üzvü olub. Beş dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü seçilib, 1996-cı il noyabrın 8-dən 1997-ci il iyunun 30-dək daxili işlər naziri postunu tutub.
2017-ci il oktyabrın 25-də Yaxşı Partiyanı yaradaraq sədr seçilib.
Yaxşı Partiya parlamentdə 38 mandatla təmsil olunur.
2024-cü il martın 31-də keçirilmiş yerli seçkilərdə Yaxşı Partiyanın namizədləri 1 şəhər, 24 rayon, 7 qəsəbədə bələdiyyə başçısı seçilib. Bir çox partiyadaşı bu nəticəni məğlubiyyət saydığı üçün Maral Akşener növbədənkənar qurultaya getmək məcburiyyətində qalıb.