Parlamentin 5 aprel iclasında “Media haqqında” qanuna dəyişikliklər ikinci oxunuşda qəbul edilib. Yeniliyə görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də çap mediası subyektinin təsisçisi olur.
2022-ci ildə qüvvəyə minən qanun çap mediası subyekti təsis etmək hüquqlu dövlət orqanlarını (qurumlarını) belə sıralamışdı: Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və siyahısını prezidentin müəyyən etdiyi orqanlar (qurumlar). Həmin il çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib: Prezidentin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İmtahan Mərkəzi.
Ayda azı 1 dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 nüsxədən çox olan, ildə azı 12 dəfə çap olunan qəzetlər və ildə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşr sayılır.
Milli Məclis “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələrinə son oxunuşda xeyir-dua verib. Yenilik əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin başqa bələdiyyələrə birləşdirilməsini nəzərdə tutur. Əhalisinin və ya ev təsərrüfatlarının sayı bu normadan az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.
Azərbaycanda 1606 bələdiyyə var. Əhalisi 500 nəfərdən az olan ərazilərdə də bələdiyyə fəaliyyət göstərir.
Ölkədə növbəti bələdiyyə seçkilərinin dekabrın 22-də keçirilməsi gözlənir. Bu, Azərbaycanda bələdiyyə institutu yaradılandan bəri altıncı seçkilər olacaq. Əvvəlki seçkilər 12 dekabr 1999-cu ilə, 17 dekabr 2004-cü ilə, 23 dekabr 2009-cu ilə, 23 dekabr 2014-cü ilə və 23 dekabr 2019-cu ilə düşüb.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.