Türkiyədə martın 31-də keçirilmiş yerli seçkilərin ilkin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, ana müxalifət – Cümhuriyyət Xalq Partiyası 37,76 faiz səslə önə çıxır.
Hakim Ədalət və İnkişaf Partiyası 35,48 faiz, onun əsas müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 4,99 faiz səs alır.
Yenidən Rifah Partiyası 6,19 faiz, Xalqların Bərabərlik və Demokratiya Partiyası 5,7 faiz, Yaxşı Partiya 3,77 faiz səslə göstərilir.
35 şəhərdə Cümhuriyyət Xalq Partiyasının, 24 şəhərdə Ədalət və İnkişaf Partiyasının, 10 şəhərdə Xalqların Bərabərlik və Demokratiya Partiyasının, 8 şəhərdə Milliyyətçi Hərəkat Partiyasının, 2 şəhərdə Yenidən Rifah Partiyasının, 1 şəhərdə Yaxşı Partiyanın, 1 şəhərdə Böyük Birlik Partiyasının namizədi bələdiyyə başçısı seçilir.
Ədalət və İnkişaf Partiyasına prezident Rəcəb Teyyub Ərdoğan sədrlik edir.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb. Siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub.
1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü il martın 14-dən baş nazirlik edib, 2014-cü il avqustun 10-da, 2018-ci il iyunun 24-də və 2023-cü il mayın 28-də prezident seçilib.
2018-ci ilin seçkisindən sonra prezident həm də hökumət başçısıdır.
Parlamentdə – Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası 265 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 129 mandatı var.
Xalqların Bərabərlik və Demokratiya Partiyası 57, Milliyyətçi Hərəkat Partiyası 49, Yaxşı Partiya 38, Səadət Partiyası 20, Demokratiya və Sıçrayış Partiyası 15, Yenidən Rifah Partiyası 4, Hür Dava Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokrat Partiyası 3, Əmək Partiyası 2, Demokratik Bölgələr Partiyası 2, Demokratik Sol Partiya 1 mandata sahibdir.
2024-cü il seçkisi Ədalət və İnkişaf Partiyasının ilk məğlubiyyətidir. Qurum 2002-ci ildən başlayaraq bütün parlament, bələdiyyə və prezident seçkilərində qalib olmuşdu.
Partiya 2002, 2007 və 2011-ci illərin parlament seçkilərini udaraq təkbaşına hökumət qurub.
7 iyun 2015-ci ilin seçkisindən sonra hökumət qurmaq mümkün olmayıb, 1 noyabr 2015-ci ildəki seçkinin ardından Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
Partiya 2004, 2009, 2014 və 2019-cu illərin bələdiyyə seçkilərində də üstün gəlib.
Rəcəb Teyyub Ərdoğan ilk dəfə 2014-cü ildə prezident seçilib.
2018 və 2023-cü illərdə parlament və prezident seçkiləri qoşa keçirilib, Rəcəb Teyyub Ərdoğanla partiyası önə çıxıb.