Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın 18 mart məlumatına görə, məhbuslar siyahıda bu qruplara bölünüb: 208 inanclı; 22 jurnalist və bloqçu; müxalif partiyaların və hərəkatların 22 üzvü; “Gəncə işi” (2018-ci il) üzrə tutulan 13 nəfər; 11 ömürlük məhkum; “Tərtər işi” (2017-ci il) üzrə tutulan 7 nəfər; Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir; 2 hüquq müdafiəçisi.
Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
2017-ci ildə əsasən Tərtər istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kəşfiyyatı ilə məxfi əməkdaşlıq ittihamı ilə tutulub.
Bir qrup şəxs 2018-ci ildə Gəncənin icra başçısına qəsdə, şəhərdə iki polis zabitinin həlak olmasına gətirən hadisələrə görə tutulub.