Toplum.tv portalı ilə III Respublika Platformasının paytaxtdakı ofislərində və bir neçə şəxsin evində martın 6-da aparılmış axtarışların ilkin detalları məlum olub. “Turan” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi hər iki quruma, eləcə də Toplum.tv ilə eyni ofisdə fəaliyyət göstərən Demokratik Təşəbbüslər İnstitutuna bağlı bəzi şəxsləri (Akif Qurbanov, Əli Zeynal, İlkin Əmrahov, Fərid İsmayılov, Müşfiq Cabbar, Ramil Babayev, Elmir Abbasov) saxlayıb. Onların qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində şübhəli bilindiyi vurğulanır.
2016-cı ilin oktyabr ayından fəaliyyət göstərən Toplum.tv informasiya resursunun təsisçisi media hüquqçusu Ələsgər Məmmədli, baş redaktoru Xədicə İsmayıldır.
2013-cü ilin noyabr ayında qurulan Demokratik Təşəbbüslər İnstitutuna hüquqşünas Akif Qurbanov rəhbərlik edir.
III Respublika Platformasını 2023-cü ilin dekabr ayında bir qrup ictimai-siyasi fəal yaradıb. Qurucu Heyətin üzvləri bunlardır: Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli, Yadigar Sadıqov.
Martın 8-də Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Əli Zeynal, İlkin Əmrahov, Müşfiq Cabbar, Ramil Babayev barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Fərid İsmayılov və Elmir Abbasovu polisin nəzarəti altına verib.
Polisin nəzarətində olan şəxs rəsmi icazə olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir.
Martın 8-də Ələsgər Məmmədli və Ruslan İzzətli də tutulublar, martın 9-da Xətai Rayon Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onlara qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb.
Hazırda 8 jurnalist bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı ilə həbsdədir. “Abzas Media” saytının direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov 2023-cü il noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-də, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-da, bu media qurumu ilə əməkdaşlıq edən jurnalist, “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də tutulublar. 2024-cü il yanvarın 13-də “Abzas Media”nın əməkdaşı Elnarə Qasımova da həbs edilib.
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2023-cü il noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib.
“Kanal 13”lə əməkdaşlıq edən jurnalist Şamo Eminov 2023-cü il dekabrın 22-də tutulub. O da qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsində təqsirli bilinir.