Milli Məclisin 5 mart iclasında çıxış edən insan hüquqları komitəsinin sədri Zahid Oruc dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericiliyin işləmədiyini vurğulayıb: “Hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliyini qoruyan Silahlı Qüvvələrin ali baş komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Birinci şəxsin səbrini sınağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenliyi, qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti var”.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 323-cü maddəsinə görə, prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmin əməllərin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədilməsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Eyni əməllərin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədilməsinə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Prezidentin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara maddənin qüvvəsi şamil edilmir.