Milli Məclis “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələrini müzakirə etməyə hazırlaşır. Yeniliyə görə, əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr başqa bələdiyyələrə birləşdiriləcək. Əhalisinin və ya ev təsərrüfatlarının sayı bu normadan az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.
Azərbaycanda 1606 bələdiyyə var. Əhalisi 500 nəfərdən az olan ərazilərdə də bələdiyyə fəaliyyət göstərir.
Ölkədə növbəti bələdiyyə seçkilərinin dekabrın 22-də keçirilməsi gözlənir. Bu, Azərbaycanda bələdiyyə institutu yaradılandan bəri altıncı seçkilər olacaq. Əvvəlki seçkilər 12 dekabr 1999-cu ilə, 17 dekabr 2004-cü ilə, 23 dekabr 2009-cu ilə, 23 dekabr 2014-cü ilə və 23 dekabr 2019-cu ilə düşüb.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.