Rusiyalı müxalif lider Aleksey Navalnı həbsdə vəfat edib. Yamalo-Nenets Muxtar Mahalındakı koloniyaların birində saxlanan məhbusun ölüm xəbəri fevralın 16-da yayılıb.
1976-cı il təvəllüdlü Aleksey Navalnı Rusiya Xalqlar Dostluğu Universitetinin (Moskva) hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb.
Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) üzvü, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib, 2013-cü ildə 5 illik, 2014-cü ildə 3 il 6 aylıq şərti həbs cəzaları alıb.
Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub, bir gün sonra onun barəsində sınaq müddəti qaydalarını pozma ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Fevralın 2-də Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, fevralın 20-də həbs müddəti 2 il 6 ay 2 həftəyə endirilib.
Həbsindən sonra Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb. Ardınca Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açılıb.
2022-ci ilin martın 22-si Aleksey Navalnıya başqa ittihamlarla yeni hökm oxunub. O, xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Aleksey Navalnı 2018-ci ildə toplanmış 350 milyon rubldan çox ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimini təhqir edib.
2023-cü il avqustun 4-də məhbus siyasətçi ekstremist icma yaratmaq və ona rəhbərlikdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.