Fevralın 16-da Milli Məclis prezident İlham Əliyevin təqdimatına baxaraq Əli Əsədovun yenidən baş nazir təyin olunmasına razılıq verib, bunun ardınca təyinat sərəncamı imzalanıb.
Novator.az bildirir ki, 1956-cı il noyabrın 30-u Bakıda doğulan Əli Əsədov Moskva Xalq Təsərrüfatı İnstitutunu və SSRİ Elmlər Akademiyasının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
1978-1995-ci illərdə elmi və pedaqoji fəaliyyət göstərib.
Milli Məclisin deputatı, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri olub, 2019-cu il oktyabrın 8-də baş nazir təyin edilib.
Fevralın 16-da başqa sərəncamlar imzalayan prezident Yaqub Eyyubovu baş nazirin birinci müavini, Şahin Mustafayev və Əli Əhmədovu baş nazirin müavinləri, Ceyhun Bayramovu xarici işlər naziri, Zakir Həsənovu müdafiə naziri, Vüqar Mustafayevi müdafiə sənayesi naziri, Vilayət Eyvazovu daxili işlər naziri, Kəmaləddin Heydərovu fövqəladə hallar naziri, Samir Şərifovu maliyyə naziri, Mikayıl Cabbarovu iqtisadiyyat naziri, Pərviz Şahbazovu energetika naziri, Məcnun Məmmədovu kənd təsərrüfatı naziri, Rəşad Nəbiyevi rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayevi səhiyyə naziri, Emin Əmrullayevi elm və təhsil naziri, Adil Kərimlini mədəniyyət naziri, Fərid Qayıbovu gənclər və idman naziri, Muxtar Babayevi ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqovu Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırovu Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradovanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanovu Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynovu Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyevi Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzlini Qida Təhlükəsizliyi Agentliyinin sədri, Zaur Mikayılovu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri, Əsgər Rəsulovu Milli Arxiv İdarəsinin rəisi postlarında saxlayıb.
Fikrət Məmmədov ədliyyə naziri, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrini itirib. Ədliyyə naziri səlahiyyətlərinin icrası nazir müavini Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərinin icrası komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.
Fevralın 7-də keçirilmiş prezident seçkisinin qalibi olmuş dövlət başçısı İlham Əliyev fevralın 14-ü parlament qarşısında and içərək səlahiyyətlərinin icrasına başlayıb. Bununla da Nazirlər Kabineti (baş nazir, baş nazirin müavinləri, nazirlər, komitə və agentlik sədrləri, xidmət və idarə rəisləri) istefaya gedib.
Prezident baş naziri parlamentin razılığı ilə, Nazirlər Kabinetinin başqa üzvlərini birbaşa təyin edir.
1961-ci il təvəllüdlü İlham Əliyev əvvəllər dörd dəfə prezident mandatı alıb. O, 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə qalib gəlib.