Bəkir Nərimanoğlu
Sovet dövrünün sonlarına doğru Gəncədə Azərbaycan, rus və erməni dillərində qəzet çıxırdı. Rusdilli “Kirovabadski raboçi” (30 dekabr 1989-cu ildə Gəncənin adı özünə qaytarılandan sonra əvvəl “Vestnik Qyandji”, ardınca “Novosti Qyandji”) qəzeti Qarabağda erməni separatizmi ilə bağlı ilk xəbər verən media qurumlarından idi. Dövlət qəzeti olsa da, redaksiya heyətinin milli düşüncəsi üstün gəlir, məhz Qarabağla bağlı cəsarətli yazılardan sonra qəzetin tiraji dəfələrlə artır.
“Vətən” qəzetinin redaktoru Çingiz Firudinoğlunun da yolu bu qəzetdən keçir. Dağ-mədən mühəndisi olan Çingiz Firudinoğlu ədəbiyyata marağına görə 1983-cü ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsinə daxil olur, elə həmin dövrdən də Gəncədəki qəzetlərlə əməkdaşlıq edir. 1988-ci ilin sonundan “Kirovabadski raboçi” qəzetində şöbə müdiri kimi fəaliyyətə başlayır. O xatırlayır ki, Qarabağ yazılarından sonra qəzet Gəncə hüdudlarını aşıb ölkə qəzeti oldu: “Qəzetin nüsxələrini Qarabağa, Lənkərana, Bakıya, Naxçıvana aparırdılar. Telefon zəngləri gəlirdi, çox bəyənirdilər işimizi. Azərbaycan mediasında Qarabağla bağlı bir tabu vardı. Biz o tabunu yıxdıq”.
AXC-nin Gəncə ofisi və “Vətən” qəzeti
Azərbaycanda erməni separatizminə qarşı xalq hərəkatı güclənirdi. 16 iyul 1989-cu ildə təsis olunmuş Azərbaycan Xalq Cəbhəsinin (AXC) Gəncə şöbəsi də formalaşmağa başlamışdı. Mediadakı fəaliyyəti ilə tanındığı üçün Çingiz Firudinoğlu da Gəncə şöbəsinə dəvət alır və İdarə Heyəti üzvü seçilir.
Həmin dövrdə Bakıda və bölgələrdə samizdat nəşrlər çıxmağa başlamışdı. AXC-nin Gəncə şöbəsində də qəzet buraxmaq ideyası yaranır. “Düzdür, “Kirovabadski raboçi” qəzetində Qarabağla bağlı yazılar çıxırdı, ancaq sözümüzü istədiyimiz kimi demək üçün müstəqil bir qəzetə ehtiyac vardı” – Çingiz Firudinoğlu xatırlayır.
“Vətən”in karikaturaçısı Şahin Culfayev qəzetin təsisini belə xatırlayır: “Yenidənqurma” başlayanda beş dost Çingizin təşəbbüsü ilə kiçik bir tarix cəmiyyəti yaratdıq. Xalq hərəkatı başlayanda biz də mitinqlərə qatılmağa başladıq. Maarifçiliyə böyük ehtiyac olduğunu nəzərə alıb qəzet təsis etmək fikrinə gəldik”.
30 dekabr 1989-cu ildə AXC-nin Gəncə şöbəsinin “Vətən” qəzeti fəaliyyətə başlayır. Qəzetin ilk sayı tarixi günə təsadüf edir. Həmin gün Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Kirovabad şəhərinin Gəncə şəhəri adlandırılması haqqında qərar qəbul edir.
Qəzet “Vətənə sən yan ki, vətən yanmasın!” şüarı ilə çap olunurdu. Sonuncu – 55-ci sayı isə “Üçrəngli, ulduzlu-aylı bayrağı son döyüş əzmiylə qaldırmışıq biz!” şüarı ilə yayımlanıb.
Çap məsələsi
Hər bir samizdat qəzetin yaşadığı çətinliklər “Vətən” qəzetindən də yan keçmir: kağız qıtlığı, mətbəələrdə, satışda qadağalar, maddi sıxıntılar. Ancaq çətin olsa da, qəzetin rəhbərliyi “Vətən”in çapını bacarır. O günlərə qayıdan Çingiz Firudinoğlu qəzetin çap prosesini xatırlayır: “Öncə qəzeti makinada çap edirdik, onu kəsib vatman kağızına yapışdırırdıq, fotosu çəkilirdi, mətbəədə falqası çıxırdı və çap olunurdu. Mətbəələr dövlətin nəzarətində idi. Qəzeti qeyri-rəsmi münasibətlər hesabına çap edirdik. AXC fəalları kömək edirdi, pul verirdik, fəhlələr işdən sonra qalıb çap edirdilər. Satışdan əldə edilən gəlir kağıza, nəqliyyata xərclənirdi, mətbəə işçilərinə ödəniş olurdu”.
Gəncədə qəzetin bir neçə nömrəsi çap edildikdən sonra qadağa qoyulur. Redaktor heyəti çıxış yolu kimi Gürcüstana, Marneuli şəhərinə üz tutur. Orada Gürcüstan Milli Demokrat Partiyasının nümayəndələrinə pul və materiallar verilsə də, qəzetin çapı baş tutmur. 13-14-cü saylar Bakıda Azər Qasımzadə və Yunus Oğuzun köməyi ilə çap olunur.
Qeydiyyat müşkülü
Qeydiyyatı olmadığı üçün qəzetin çapı və yayılması problemə dönür. “Vətən” qəzeti 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovaya, Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibova və Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Həsənova açıq məktubla müraciət edir. Məktubda qeyd olunur ki, hakim dairələrin maneçiliyi ucbatından qeyri-rəsmi qəzet və bülletenlər Rusiya, Ukrayna, Pribaltika, Gürcüstanda çap olunur, bu baxımdan böyük çətinliklər yaşanır. Azərbaycanda azad mətbuatın rəsmiləşməsinə kömək xahişi yer alan müraciət nəticəsiz qalır.
Qeydiyyatsızlıq xüsusilə də qəzetin çapına maneçilik törədirdi. Mətbəələr çap üçün qeydiyyat tələb edirdi. Redaktor Çingiz Firudinoğlu Dövlət Mətbuat Komitəsinə müraciət etmək qərar verir: “Dövlət Mətbuat Komitəsinin sədri Rəşid Mahmudovun qəbuluna getdim. Yaşadığımız çətinliklərdən danışdım, qeydiyyat istədim. Dedi ki, şəxslərin qəzet təsis eləmək səlahiyyəti yoxdur, gərək bir təşkilat müraciət eləsin.
Getdim AXC sədri Əbülfəz Elçibəyin yanına. “Vətən” qəzetinin təsisi üçün AXC adından məktub aldım”.
Qəzetin 1991-ci ildəki ilk sayı, ümumilikdə isə 23-cü sayı rəsmi qeydiyyatından sonra çap olunur. Ancaq qeydiyyat da “Vətən”in çap problemlərini kökündən həll etmir. Mətbəədə cəmi üç nömrə çap olunur və yenidən qadağalar başlayır. “Qasid” firması müxtəlif bəhanələrlə qəzeti yaymaq istəmir. Qəzet on ay yarımgizli fəaliyyət göstərir. Nəhayət, 1992-ci ilin əvvəlindən xalq hərəkatının güclənməsi sayəsində yenidən mətbəədən istifadə etmək imkanı qazanır.
Qəzetin kursu
“Vətən” rəsmi olaraq AXC Gəncə şöbəsinin orqanı idi. Ancaq istər 1991-ci ilin ilk sayında, istərsə də Əbülfəz Elçibəyin 1992-ci il iyununda prezident seçilməsindən sonra “Vətən” müstəqil kurs açıqlamaları yayır. Redaktorun müraciətində qeyd olunur ki, qəzet heç bir siyasi qrupun, heç bir təşkilatın, heç bir partiyanın mənafeyini qorumur, “Vətən”in bircə amalı, bircə məqsədi var, o da Vətənə Vətən oğlu adına layiq qulluq eləməkdir.
1992-ci ilin iyun sayında “Vətən” əvvəlkitək vətənə xidmət edir!” başlıqlı açıqlamada qeyd edilir ki, “Vətən” heç də “saray qəzeti” olmaq fikrində deyil, ancaq dövlətə kömək etməyi özünə borc bilir: “Yeni şəraitdə “Vətən”in qarşısında üç əsas vəzifə durur – xalqla hakimiyyət arasında ünsiyyət yaratmaq, yeni hakimiyyətin bütün düzgün addımlarını, siyasi xəttini müdafiə etmək; hökumətin siyasi xəttinin formalaşmasında iştirak etmək, onun səhv addımlarını konstruktiv tənqid etmək, dövlət qarşısında ictimaiyyəti narahat edən problemləri qaldırmaq; millətin mənafeyinə çalışmaqdansa böyük qurbanlar hesabına yenidən bu millətin başı üzərində yüksələn Məhəmməd Əmin bayrağını laxlatmaqla məşğul olan “müxalifəti” ifşa etmək”.
Çingiz Firudinoğlu bildirir ki, “Vətən” qəzeti doğrudan da müstəqil olub: “Rəsmən AXC Gəncə şöbəsinin qəzeti olsaq da, fəaliyyətimizdə müstəqil idik, yeri gələndə AXC-ni də tənqid edirdik”.
Redaktor xatırlayır ki, Səddam Hüseynin (1979-2003-cü illərdə İraqın dövlət başçısı) Azərbaycanda çox populyar olduğu dövrdə onun əleyhinə yazmağa çəkinməyiblər, onu “xırda diktator” adlandırıblar: “Buna görə hər tərəfdən təzyiqlə üzləşdik. 1990-cı ildə İraq Küveyti işğal etmiş, 1991-ci ilin yanvarında ABŞ və müttəfiqləri hərbi əməliyyatlara məcbur olmuşdu. Azərbaycanda, o cümlədən Gəncədə Səddam Hüseyn müsəlman aləminin müdafiəçisi kimi təqdim olunurdu, ancaq bizim qəzetdə tənqid edildi. Həm ictimaiyyətdən, həm dövlət orqanlarından, həm də cəbhəçilərdən bizə qarşı böyük basqı vardı. Amma hadisələr çox tez inkişaf elədi, hamı bildi Səddam Hüseyn kimdir”.
Qəzetin karikaturaçısı Şahin Culfayev (Balaqorqud imzası ilə çıxış edib) deyir ki, Səddam Hüseynlə bağlı analitik məqalə və karikatura AXC Gəncə şöbəsinin İdarə Heyətinin xoşuna gəlməmişdi, qəzetin məsələsi ayrıca bir problem kimi qaldırılmışdı.
Qəzetin ilk və sonraki sayları
Bakıda 20 Yanvar qırğını törədildikdən sonra Azərbaycanda informasiya blokadası yaşanırdı. AzTV-nin enerji bloku partladılmış, qəzetlərin çapı dayanmışdı. Ancaq “Vətən” qəzeti 22 yanvarda işıq üzü görür və Sovet Ordusunun Bakıda törətdiyi cinayətin ifşasında rol oynayır. Bundan sonra qəzet daha da sərtləşir, eyni zamanda Azərbaycandan kənarda təbliğat üçün rübdə bir dəfə rus dilində çıxır.
Qəzetin ilk sayının qiyməti Gəncədə 1 manat (rubl), başqa bölgələrdə isə bir az çox olur. İkinci nömrədən qiymət 50 qəpiyə düşür, sonralar da dəyişikliklər edilir.
Çingiz Firudinoğlu bildirir ki, “Vətən” qəzeti Azərbaycan dilinə yeni terminlər də gətirib: “Bunların içində ən məşhur olanı “ehtiyac zənbili”dir. O dövrdə Azərbaycan mediasında “корзина потребностей” “ehtiyac səbəti” kimi tərcümə edilirdi. Ancaq minimum ehtiyac üçün zənbil daha uyğundur, ona görə də bizim termin Azərbaycan mediasında geniş yayıldı”.
Qəzetdə diqqət çəkən satiranın güclü olması idi. İstər Şahin Culfayevin karikaturaları, istərsə də İsmayıl Vəliyevin (Ozan təxəllüsü ilə) satirik şeirləri yerli hakimiyyəti, Moskvanı hədəfə alırdı.
Müəyyən sərbəstlik olsa da, hələ ki, sovet hakimiyyəti yıxılmamışdı. Bəs bu “rahatlıq” haradan idi? Şahin Culfayev: “Deməzdim ki, rahatlıq vardı. Ancaq qorxu da yox idi”.
Qəzetin bütün saylarında bu elanı görmək olar: “Redaksiya heyəti hər hansı adamla və ya təşkilatla qaldırdığı mövzular və toxunduğu məsələlər üzrə dialoqa girib söhbət etməyi özü üçün borc, cəmiyyətimiz üçün faydalı hesab edib buna hazır olduğunu bildirir”. Redaktorun sözlərinə görə, bu elanda məqsəd cəmiyyətdə fəallığı artırmaq idi.
Qəzet tez-tez maddi sıxıntılarla üzləşir və bu, çapda fasilələrə səbəb olur. 1990-cı ilin sonlarına doğru yenə maddi sıxıntı yaranır və redaktor Çingiz Firudinoğlu abunə yazılışı elanı verir. Qəzetin qeydiyyatı olmadığı üçün ödənişlər Çingiz Firudinoğlunun şəxsi hesabına toplanır, 3 min manata yaxın pul yığılır, qəzet yaşayır.
1993-cü ilin fevralında qəzetin 53-54-cü sayları çap olunduqdan sonra uzun fasilə yaranır. Sonuncu – 55-ci say isə 1993-cü ilin dekabrında işıq üzü görür. Ancaq yaranmış maddi çətinliklər qəzetin fəaliyyətinin dayanmasına səbəb olur.
…“Vətən” qəzeti bir də 2020-ci ildə yurda dönür – bu dəfə internet versiyada.