Yanvarda Azərbaycanda 9 milyard 131 milyon manatlıq, 2023-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 2,6 faiz azalma, başqa sektorlarda 12,3 faiz artım qeydə alınıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manat göstərilir.
Rəsmi məlumata görə, yanvarda əsas kapitala 1 milyard 553 milyon manat məbləğində, əvvəlki ilin eyni ayına nəzərən 37,4 faiz çox vəsait yönəldilib, neft-qaz sektoruna investisiyalar 44,5 faiz, başqa sektorlara 34,1 faiz artıb.
Qeyd olunur ki, müəssisələr və fərdi sahibkarlar yanvarda 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edib, ötən ilin ilk ayı ilə müqayisədə neft-qaz sektorunda istehsal 2,5 faiz geriləyib, qeyri-neft/qaz sektorunda 8,9 faiz yüksəlib.
Başqa hesabata əsasən, yanvarda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nisbətən 1,7 faiz artıb, qida məhsulları, içkilər və tütün məmulatları 0,7 faiz, qeyri-qida məhsulları 1,7 faiz, ödənişli xidmətlər 3,2 faiz bahalaşıb.