Valyuta sərvətləri və milli valyutanın daşınması üzrə yeni qaydalar rəsmiləşib. Nazirlər Kabinetinin 12 fevral 2024-cü il qərarı ilə təsdiqlənən qaydalar fiziki və hüquqi şəxslərin valyuta sərvətləri və milli valyutanı Azərbaycanın gömrük ərazisinə gətirməsi, bu ərazidən aparması və tranzit keçirməsi zamanı tətbiq olunur. Sənədə görə, gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir. Valyuta sərvətləri və milli valyutanın hərəkəti iki halda 48 saat müddətində dayandırılır: fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında; cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması 2023-cü il sentyabrın 23-də təsdiqlənib. Həmin sənədə görə, Dövlət Gömrük Komitəsi valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar etdikdə bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir. Azərbaycan ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda da eyni addım atılmalıdır.
Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən formada bir çox məlumat, o cümlədən valyuta sərvətlərinin və milli valyutanın gətirildiyi ölkə; valyuta sərvətlərinin və milli valyutanın çıxarıldığı ölkə; valyuta sərvətlərinin və milli valyutanın gətirilmə və ya çıxarılma tarixi, valyuta sərvətlərinin növü, valyuta sərvətlərinin xarici valyutada məbləği və onun manatla ekvivalenti, habelə milli valyutanın məbləği əks etdirilməlidir:
Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən publik hüquqi şəxsdir.