Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral iclasında son prezident seçkisinin nəticələri təsdiqlənib. Fevralın 7-də keçirilmiş seçkidə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12 faiz səslə qalib gəlib.
1961-ci il təvəllüdlü İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil ocağının aspiranturasını bitirib, tarix elmləri namizədidir.
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, parlamentin deputatı olub.
2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə gətirilib, həmin il oktyabrın 15-də prezident mandatı alıb, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də keçirilmiş seçkilərdə postunu qoruyub.
Eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə yasaq 2009-cu ildə götürülüb, 2016-cı ildə isə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb.
Konstitusiyaya görə, yeni seçilmiş prezident and içdiyi gün Nazirlər Kabineti istefa verir. Kabinetdə bu şəxslər yer alır: Əli Əsədov – baş nazir, Yaqub Eyyubov – baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov – baş nazirin müavinləri, Ceyhun Bayramov – xarici işlər naziri, Zakir Həsənov – müdafiə naziri, Vüqar Mustafayev – müdafiə sənayesi naziri, Vilayət Eyvazov – daxili işlər naziri, Fikrət Məmmədov – ədliyyə naziri, Kəmaləddin Heydərov – fövqəladə hallar naziri, Samir Şərifov – maliyyə naziri, Mikayıl Cabbarov – iqtisadiyyat naziri, Pərviz Şahbazov – energetika naziri, Məcnun Məmmədov – kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev – səhiyyə naziri, Emin Əmrullayev – elm və təhsil naziri, Adil Kərimli – mədəniyyət naziri, Fərid Qayıbov – gənclər və idman naziri, Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri.
Prezident baş naziri parlamentin razılığı ilə, Nazirlər Kabinetinin başqa üzvlərini birbaşa təyin edir.