1990-2024-cü illərdə Azərbaycanda 10 prezident seçkisi keçirilib. Novator.az bildirir ki, birinci prezident Ayaz Mütəllibov 1990-cı il mayın 18-i parlamentdə seçilib. O, yeganə namizəd olub.
Ümumxalq səsverməsi ilə ilk prezident seçkisi 1991-ci il sentyabrın 8-nə düşüb, Ayaz Mütəllibov təkbaşına yarışaraq 98,5 faiz səslə mandat alıb.
1992-ci il iyunun 7-də keçirilən prezident seçkisinin 5 namizədi olub, Əbülfəz Elçibəy 59,4 faiz səslə üstün gəlib.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkisində 3 namizəd qeydə alınıb, Heydər Əliyev 98,8 faiz səslə önə çıxıb.
1998-ci ilin 11 oktyabrındakı seçkidə 6 namizəd rəsmiləşib, Heydər Əliyev 76,1 faiz səslə qalib gəlib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində 8 nəfər yarışıb, İlham Əliyev 76,8 faiz səslə qalib elan edilib.
2008-ci ilin 15 oktyabr seçkisi 7 namizədlə keçib, İlham Əliyev 88,7 faiz səslə prezident seçilib.
2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə yasaq götürülüb.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisinə 10 nəfər qatılıb, İlham Əliyev 84,5 faiz səslə qalib olub.
2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkisində 8 namizəd yarışıb, İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkisinə 7 namizəd qatılıb, İlham Əliyev 92,12 faiz səslə qalib elan olunub.
Azərbaycanda prezident dövlət və hökumət başçısı, Silahlı Qüvvələrin ali baş komandanıdır. Onun parlament seçkisi və referendum təyin etmək; parlamentin razılığı ilə baş naziri təyin etmək; Nazirlər Kabineti üzvlərini təyin etmək, kabinetin istefası haqqında qərar qəbul etmək; parlamentə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi təqdimatları vermək, başqa məhkəmələrin hakimlərini təyin etmək; parlamentin razılığı ilə baş prokuroru təyin etmək; parlamentə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi təqdimatı vermək, İdarə Heyəti üzvləri sırasından Mərkəzi Bankın sədrini təyin etmək; Silahlı Qüvvələrin ali komanda heyətini təyin etmək; parlamentə ombudsmanın seçilməsi təqdimatı vermək; Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin etmək; qanunları imzalamaq və dərc etmək; vətəndaşlıq məsələlərini həll etmək; əfv etmək; dövlət təltifləri ilə təltif etmək; ali hərbi və ali xüsusi rütbələr vermək və başqa səlahiyyətləri var.