Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu aydınlaşıb.
“Report” xəbər verir ki, Tunar Habil oğlu Məmmədov fevral ayının 4-də avtomobil qəzasında həlak olub.
Həmin gün axşam onun idarə etdiyi “VAZ-21014” markalı minik avtomobili Yevlax rayonunun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib.
Tunar Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb. Üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək.
Tunar Məmmədov 1995-ci il avqustun 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb.
O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən prezident İlham Əliyevin 24 iyun 2021-ci il sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub. 1970-ci ilin sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan Azər Məmmədov 1995-ci il avqustun 4-də Ağdərədə şəhid olub.
Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. 1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü il sentyabrın 19-da Xocavənd rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 7-də imzaladığı sərəncamlara əsasən Ədil Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!