Fevralın 7-si Azərbaycanda prezident seçkisi keçiriləcək. Yarışa prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev qoşulublar.
Prezident seçilmək üçün səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini almaq tələb olunur. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq uzağı 10 gün ərzində prezident seçkisinə yekun vurub nəticələrini təsdiq üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsinin qəti qərarı elan olunduğu gündən başlayaraq yeni prezident 3 gün ərzində and içməlidir.
Novator.az bildirir ki, konstitusiyaya görə, yeni seçilmiş prezident and içdiyi gün Nazirlər Kabineti istefa verir. Kabinetdə bu şəxslər yer alır: Əli Əsədov – baş nazir, Yaqub Eyyubov – baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov – baş nazirin müavinləri, Ceyhun Bayramov – xarici işlər naziri, Zakir Həsənov – müdafiə naziri, Vüqar Mustafayev – müdafiə sənayesi naziri, Vilayət Eyvazov – daxili işlər naziri, Fikrət Məmmədov – ədliyyə naziri, Kəmaləddin Heydərov – fövqəladə hallar naziri, Samir Şərifov – maliyyə naziri, Mikayıl Cabbarov – iqtisadiyyat naziri, Pərviz Şahbazov – energetika naziri, Məcnun Məmmədov – kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev – səhiyyə naziri, Emin Əmrullayev – elm və təhsil naziri, Adil Kərimli – mədəniyyət naziri, Fərid Qayıbov – gənclər və idman naziri, Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli – Qida Təhlükəsizliyi Agentliyinin sədri.
Prezident baş naziri Milli Məclisin razılığı ilə, Nazirlər Kabinetinin başqa üzvlərini birbaşa təyin edir.
Azərbaycan prezident seçkisinə gedir
Prezidentliyə namizəd göstərmək hüquqlu partiyalar