Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycanı təmsil edən nümayəndə heyəti bu qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Rəsmi bəyanat yanvarın 24-də, AŞPA-nın sanksiyası fonunda verilib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməmək təşəbbüsü qaldırılıb, əsas səbəblər kimi Azərbaycanda insan hüquqlarının pozulması, siyasi məhbusların artması, fevralın 7-də keçiriləcək prezident seçkisinə AŞPA nümayəndə heyətinin dəvət olunmaması göstərilib.
Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin bir il müddətinə səsvermə hüququndan məhrum edilməsi qərarı çıxarıb.
1949-cu ildə yaradılan Avropa Şurasının başlıca məqsədi insan hüquqlarının, demokratiyanın, qanunun aliliyinin müdafiəsidir. Baş qərargahı Fransanın Strasburq şəhərində olan təşkilat 46 ölkəni birləşdirir.
Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir.
Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir.
Şuraya 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətində Səməd Seyidov (rəhbər), Erkin Qədirli, Asim Mollazadə, Könül Nurullayeva, Fazil Mustafa, Nigar Arpadarai, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Rafael Hüseynov, Kamal Cəfərov, Sabir Hacıyev, Tural Gəncəliyev yer alır.