Müdafiə nazirinin yeni müavini Hikmət Mirzəyevin rəsmi bioqrafiyası dərc olunub.
Hikmət İzzət oğlu Mirzəyev 1968-ci il fevralın 29-da Puşkin (Biləsuvar) şəhərində doğulub. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini (Hərbi İnstitut) bitirib, 1989-cu ildən SSRİ Silahlı Qüvvələri tərkibində vzvod komandiri olub.
1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.
1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.
1999-cu ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib, 2014-cü ildə komandan vəzifəsinə təyin olunub.
General-leytenantdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2003-cü ildə “İgidliyə görə” medalı, 2007-ci ildə “Vətən uğrunda” medalı, 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci ildə Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, 2021-ci ildə “Xocavəndin azad olunmasına görə” medalı, 2023-cü ildə “Qarabağ” ordeni ilə təltif olunub.
11 yanvar 2024-cü ildən müdafiə nazirinin müavini-Quru Qoşunlarının komandanıdır.
Ailəlidir. İki övladı var.