Yanvarın 10-da Azərbaycan, “Real”, “ARB 24”, CBC, “Xəzər” televiziyaları və İctimai Televiziyaya müsahibə verən prezident İlham Əliyev işğalda qalan 8 kəndin məsələsinin həm Ermənistanın baş naziri ilə təmasları əsnasında, həm də delimitasiya komissiyalarında müzakirə olunduğunu deyib: “Komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin. Orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, – Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Bizim mövqeyimiz bundan ibarətdir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.
Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Bağanıs Ayrım, Sofulu, Qızılhacılı, Barxudarlı, Aşağı Əskipara, Yuxarı Əskipara və Xeyrimli kəndləri işğalda qalır.
Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Azərbaycan 1992-ci ildə Ermənistan ərazisinin bir hissəsini – indi Gədəbəyin Başkənd kəndinə (anklav) aid olan torpaqları tutub.
Azərbaycan Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əsasında sülh təklif edir. Bu fonda əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasıdır. Azərbaycanın və Ermənistanın delimitasiya üzrə komissiyalarına baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər.