Prezident İlham Əliyev Ağdərə rayonunun yaradılması qanununu imzalayıb. Qanuna görə, Ağdərə Tərtər, Kəlbəcər və Ağdamın bəzi əraziləri əsasında yaradılır. Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə tədbirlər görmək tapşırılıb.
1992-ci il avqustun 25-də Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə verilmiş, oktyabrın 13-də isə rayon ləğv olunaraq Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdü.
Prezident Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə yenilikləri də imzalayıb. Qanuna əsasən, Şuşanın Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalıya verilir, Füzulinin Yuxarı Veysəlli, Ağbaşlı, Cəbrayılın Yuxarı Məzrə, Laçının Alıcan kəndləri ləğv edilir, əraziləri Xocavəndə keçir.
Füzulinin Divanalılar kəndinin 139 hektar ərazisi Xocavəndə, Xocalının 186 hektar torpaq sahəsi Ağdama, Xocavəndin 481 hektar torpaq sahəsi Qubadlıya ötürülür.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən işğal edib, həmçinin Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndlərini ələ keçirib, Qarabağda separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.