Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dekabrın 14-ü axşam siyasətçi Tofiq Yaqublunu tutub. “Turan”ın məlumatına görə, siyasətçi külli miqdarda ziyan vurmaqla dələduzluqda, rəsmi sənədləri saxtalaşdırmada və bilə-bilə saxta sənədlərdən istifadə etmədə şübhəli bilinir. Tofiq Yaqublunun Suraxanı rayonundakı evində axtarış aparıldığı, milli və xarici valyutada pul vəsaitinin, mobil telefonlarının və kompüterinin götürüldüyü xəbər verilir.
Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
1961-ci il fevralın 6-da Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb və siyasətçi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.