UEFA Avropa Liqasının H qrupunda Azərbaycanı təmsil edən “Qarabağ” son oyununu keçirib. Dekabrın 14-ü Bakıda “Haken”lə (İsveç) görüşən komanda rəqibini üstələyib – 2:1.
“Bayer” (Almaniya) – “Molde” (Norveç) matçında 5:1 hesabı qeydə alınıb.
Novator.az bildirir ki, “Bayer” qrupda birinci yeri tutaraq 1/8 finala, “Qarabağ” ikinci yeri tutaraq 1/16 finala vəsiqə alıb, “Molde” üçüncü yeri tutaraq Konfrans Liqasının 1/16 finalına ələnib.
1/16 finalda “Qarabağ”ın potensial rəqibləri bunlardır: “Qalatasaray”, “Lans”, “Braqa”, “Benfika”, “Feyenoord”, “Milan”, “Yanq Boyz”, “Şaxtyor” (Ukrayna).
2023-2024 mövsümünə Çempionlar Liqasının birinci mərhələsində start verən “Qarabağ” ikinci raundda ilişərək Avropa Liqasına köçüb.
UEFA-nın klub turnirlərində mövsümü 64 komanda davam etdirir: Çempionlar Liqasında 16, Avropa Liqası və Konfrans Liqasının hər birində 24 komanda var.
Rusiya turnirlərdən kənardır, 30 UEFA üzvü təmsilçisiz qalıb, İtaliya və Fransa itki verməyib.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 28-ci pillədə göstərilir.
Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Qrup mərhələsindən finaladək bonus xalları da var.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 4,875 əmsal əldə edib.