2024-cü il fevralın 7-si Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Namizədlərin irəli sürülməsinə dekabrın 9-da start verilsə də, hələ rəsmi iddiaçı yoxdur.
Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan ölkə vətəndaşı prezident seçilə bilər.
Seçki təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində qəbul edilməli, imza vərəqələri verilməlidir. Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası (60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza) toplanmalıdır. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.
İmza vərəqələri və nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-dək təqdim edilməlidir.
Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması haqqında qərar çıxarılmalıdır.
Seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlayır, fevralın 6-sı səhər saat 8-də dayandırılır.
Novator.az bildirir ki, 1990-cı il mayın 18-də parlament yeganə namizəd Ayaz Mütəllibovu prezident seçib.
Ümumxalq səsverməsi ilə birinci prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib, Ayaz Mütəllibov təkbaşına yarışaraq 98,5 faiz səslə qalib gəlib.
1992-ci il iyunun 7-də keçirilən növbədənkənar prezident seçkisinin 5 namizədi olub: Əbülfəz Elçibəy, Nizami Süleymanov, Yaqub Məmmədov, İlyas İsmayılov, Rafiq Turabxanoğlu. Əbülfəz Elçibəy 59,4 faiz səslə mandat alıb.
1993-cü il oktyabrın 3-də keçirilən növbədənkənar prezident seçkisində 3 namizəd qeydə alınıb: Heydər Əliyev, Kərrar Əbilov, Zakir Tağıyev. Heydər Əliyev 98,8 faiz səslə önə çıxıb.
1998-ci ilin 11 oktyabrındakı seçkidə 6 namizəd rəsmiləşib: Heydər Əliyev, Etibar Məmmədov, Nizami Süleymanov, Firudin Həsənov, Əşrəf Mehdiyev, Xanhüseyn Kazımlı. Heydər Əliyev 76,1 faiz səslə qalib gəlib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində 8 nəfər yarışıb: İlham Əliyev, İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev. İlham Əliyev 76,8 faiz səslə qalib elan edilib.
2008-ci ilin 15 oktyabr seçkisi 7 namizədlə keçib: İlham Əliyev, İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Fuad Əliyev, Hafiz Hacıyev. İlham Əliyev 88,7 faiz səslə prezident seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisinə 10 nəfər qatılıb: İlham Əliyev, Cəmil Həsənli, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev, Sərdar Cəlaloğlu. İlham Əliyev 84,5 faiz səslə qalib olub.
2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkisində 8 namizəd yarışıb: İlham Əliyev, Zahid Oruc, Sərdar Cəlaloğlu, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Araz Əlizadə, Fərəc Quliyev, Razi Nurullayev. İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.