7 fevral 2024-cü il seçkisi Azərbaycanda 10-cu prezident seçkisidır.
Novator.az bildirir ki, ilk seçki 1990-cı il mayın 18-i parlamentdə keçirilib, Ayaz Mütəllibov prezident seçilib.
1991-ci il sentyabrın 8-də keçirilən ümumxalq səsverməsini də Ayaz Mütəllibov udub.
1992-ci il martın 6-da Ayaz Mütəllibov istefa verib, mayın 14-də parlamentin qərarı ilə vəzifəyə qaytarılıb, amma ertəsi gün yenə postunu itirib.
1992-ci il iyunun 7-də keçirilən seçkidə Əbülfəz Elçibəy qalib olub.
1993-cü il iyunun 17-də Əbülfəz Elçibəy hərbi qiyam səbəbindən paytaxt Bakını tərk edərək ata yurduna – Ordubadın Kələki kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da həmin qərar ümumxalq referendumunda təsdiqlənib.
1993-cü il oktyabrın 3-nə düşən seçkidə Heydər Əliyev prezident seçilib.
1998-ci ilin 11 oktyabrındakı seçkidə Heydər Əliyev postunu əlində saxlayıb.
2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də İlham Əliyev prezident mandatı alıb.
2009-cu ildə eyni şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə yasaq götürülüb. 2013-cü il oktyabrın 9-da İlham Əliyev yenə prezident seçilib.
2016-cı ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb və prezidentə növbədənkənar prezident seçkisi elan etmək hüququ verilib. 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar seçkidə İlham Əliyev qalib gəlib.
İlham Əliyev 2023-cü il dekabrın 7-də növbədənkənar prezident seçkisinə sərəncam verib. Seçki 2024-cü il fevralın 7-nə təyin olunub.
Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququ olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı prezident seçilə bilər.
Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası (60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza) toplanmalıdır. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.
Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxunun səsini alan namizəd prezident seçilmiş sayılır.
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.
Prezident seçilmiş şəxs seçkinin yekunları haqqında məlumatın rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
Prezident vəzifəsini tutmuş şəxslərin 3-ü dünyasını dəyişib. Əbülfəz Elçibəy 2000-ci, Heydər Əliyev 2003-cü, Ayaz Mütəllibov 2022-ci ildə vəfat edib.