Dövlət başçısı İlham Əliyev dekabrın 7-də növbədənkənar prezident seçkisinə sərəncam verib. Seçki 2024-cü il fevralın 7-nə təyin olunub.
Novator.az bildirir ki, Azərbaycan 1990-cı ildə prezident idarə üsuluna keçib. İlk prezident – Ayaz Mütəllibov həmin il mayın 18-də parlamentdə dövlət başçısı mandatı alıb. 1991-ci ildə Ayaz Mütəllibov, 1992-ci ildə Əbülfəz Elçibəy, 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008 və 2013-cü illərdə İlham Əliyev ümumxalq səsverməsi ilə prezident seçilib.
2016-cı ildə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, 2018-ci il fevralın 5-də aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin olunub. 11 aprel seçkisində İlham Əliyev qalib gəlib.
2024-cü ildə ölkədə parlament və bələdiyyə seçkiləri də keçirilməlidir.
Azərbaycanda parlamentin səlahiyyət müddəti 5 ildir. Ancaq konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar gününə düşür. 2020-ci il fevralın 9-da seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və həmin il noyabr ayının birinci bazar günü – noyabrın 3-də yeni parlament seçilməlidir.
Ölkədə bələdiyyələr 5 il müddətinə seçilir. Sonuncu seçkilər 2019-cu il dekabrın 23-də olub. Gələn ilin bələdiyyə seçkilərinin dekabrın 22-də keçirilməsi gözlənir.